Ceyhun Osmanlı: “Cəmiyyətimizdə gənclərin kitaba olan marağını kütləviləşdirməyə ehtiyac var”

Oktyabr ayının sonuncu ongünlüyündə Bakıda Azərbaycan Gənclərinin VI Forumu keçirildi. Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə keçirilən 6-cı forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.

Forum çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunub. Forumda Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov, “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və başqaları rəhbərlik etdikləri təşkilatların ötən forumdan bəri gördüyü işlər barədə məlumat veriblər.

Sonda VI forumun yekun sənədləri, qətnamə və prezidentə müraciət qəbul edilib. Xatırladaq ki, Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib. Və Forum müntəzəm olaraq, 3 ildən bir keçirilir.

Qeyd edək ki, bu forumla bağlı gənclər təşkilatlarının heç də hamısı eyni fikirdə deyil, onlar müxtəlif düşüncələr əks etdiriblər. Bəzi təşkilat rəhbərləri hesab edir ki,? bu forumda iştirak edənlər ? prezidentin siyasətini dəstəklədikləri üçün onları tədbirə dəvət ediblər. Prezidentin yürütdüyü xarici siyasəti bəzi hallarda təqdirəlayiq olsa da, daxili siyasəti, xüsusən də gənclərlə bağlı siyasəti uğurlu deyil… Prezident hazırda gənclərin yanında deyil.

Əksinə olaraq, prezidentin gənclərlə bağlı çox uğurlu siyasət yürütdüyünü vurğulayan təşkilat rəhbərləri isə hesab edir ki, Azərbaycan Gənclərinin 6-cı forumu prezidentlə gənclər arasında həmrəyliyin olduğunu göstərib.

Azərbaycan Gənclərinin 6-cı Forumunun məqsədi və forumla bağlı səslənən müxalif fikirlərə münasibət bildirən “İrəli”nin sədri, millət vəkili Ceyhun Osmanlı Forumun müntəzəm olaraq 3 ildən bir keçirildiyini və bu forumların məqsədinin Azərbaycan gəncləri ilə bağlı qarşıda dayanan önəmli məsələləri qaldırmaq və növbəti Foruma qədər həmin problemlərin həlli ilə bağlı ardıcıl iş aparmaq olduğunu deyib:

– 6-cı Forumda da çıxışçılar tərəfindən çoxsaylı məsələlər qaldırıldı. Maraqlısı odur ki, 6-cı Forum çox maraqlı bir ilə təsadüf edib. Çünki məhz bu ildə Azərbaycan gəncləri 2011-2015- illər Dövlət Proqramı hazırlandı. Proqram hazırlanmazdan əvvəl də cənab prezidentlə ölkədə aktiv fəaliyyət göstərən gənclərin görüşü keçirilmişdi və orada da gəncləri düşündürən onlarla problem qaldırılmışdı. Forumda qaldırılan problemlərin əksəriyyəti Dövlət Proqramında da qeyd olunub. Amma bununla belə Proqramda qeyd edilməyən bir sıra məsələlər Forum çərçivəsində işıqlandırıldı. Və növbəti gənclər Forumuna qədər olan müddəti, (3 ili) gəncləri düşündürən bir çox məsələlərin həlli baxımından önəmli bir zaman kimi qiymətləndirirəm. Bilirsiniz ki, bu gün tələbələri düşündürən əsas məsələlərdən biri yataqxanaların yararsız halda olmasıdır. Əksəriyyət yataqxanalarda isə tələbələrdən çox qaçqın və məcburi köçkünlər məskunlaşıb. Amma indi qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb və artıq yavaş-yavaş onların oraya köçürülməsi prosesi başlanılıb. Ona görə də tələbə yataqxanalarının yenidən inşası və tələbələrin həmin yataqxanalarda məskunlaşdırılması nəzərdə tutulub. Eyni zamanda peşə məktəblərinin müasirləşdirilməsi və peşə təhsilinin dövrün tələblərinə uyğunlaşdırılması, həmçinin ipoteka kreditlərinin daha çox gənclər üçün əlçatan olması. Gənclər Mərkəzinin Bakıda beynəlxalq standartlara uyğun olaraq inşa edilməsi. Gənclər təşkilatları üçün daha rahat məkanlar təşkil edilsin və təşkilatlar da həmin məkanlarda beynəlxalq və ictimai tədbirlərin keçirilməsinə nail olsunlar. İndiyə kimi xüsusi qayğıya ehtiyacı olan gənclərin, hansı ki, internat müəssisələrini bitirirlər, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı hüquqi normativ aktlar yox idi. Amma bu məsələ konkret olaraq Dövlət Proqramında öz əksini tapdı. Həmçinin Forum çərçivəsində əsas məsələlərdən biri olan Gənclər Fondunun yaradılması problemi də öz əksini tapdı və sənədlərin ilin sonuna qədər həll edilməsi qərara alındı. Yəqin ki, gələn ilin əvvəllərindən artıq Fond öz fəaliyyətinə başlayar. İnanıram ki, bu Fond həm təşkilat üzvü olan, həm də olmayan gənclərin həyatında mühüm rol oynayacaq. Növbəti illəri gənclər siyasətinin inkişafı baxımından həddindən artıq önəmli bir dövr kimi qiymətləndirirəm. Forumun fəaliyyəti ilə bağlı səslənən etirazlara gəldikdə isə C. Osmanlı bildirib ki, ölkə başçısının siyasəti bütün Azərbaycan əhalisinin rifahına yönəlib. Heç bir insanı nəzərdən qaçırmadan, hər bir Azərbaycan vətəndaşının gələcəyi üçün uğurlu olan bir siyasət ortaya qoyulub. Əgər ipoteka kreditləri ilə bağlı yeni bir sərəncam imzalanır və yaxud da yeni bir gənclər Fondu yaradılırsa, yaxud da gənclərin sosial problemləri, işsizliyi ilə bağlı önəm daşıyan məqamlarla bağlı sənəd qəbul olunursa, bu, hər hansı bir kütlə və ya müəyyən qrup gənclər üçün yox, bütün xalq və bütün Azərbaycan gəncləri üçündür. Ona görə də prezidentin siyasətini dəstəkləmək hər bir gəncin borcudur. Çünki həmin siyasət son nəticədə gənclərin özlərinin rifahına yönəlib. Əgər kiminsə buna şübhəsi və etirazları varsa, bununla bağlı konkret təkliflər verilməlidir. Yəni həmin gənclər boş pafoslarla yox, dəqiq məlumatlarla, konkret təkliflərlə çıxış etməlidirlər. Proqram hazırlanan müddətdə prezidentlə gənclərin görüşləri təşkil edildi. Altımışdan çox bəndi özündə əks etdirən 2011-2015-ci illər Dövlət Gənclər Proqramı ayrı-ayrı düşüncəni daşıyan, müxtəlif spektrləri təmsil edən gənclərin fikirləri əsasında formalaşıb. Və bu baxımdan mən hesab edirəm ki, 6-cı Forumda da qaldırılan məsələlər hər bir Azərbaycan gəncini düşündürür. Təbii ki, onlarla, hətta yüzlərlə gənc Forumda çıxış etmək istəsin. Mən də orada çıxış etmək üçün dəvət olunan insanlardan biri olmuşam. Və əminəm ki, təşkilatçılar da istəyərdilər ki, həmin Foruma daha çox gənc dəvət etsinlər və orada daha çox təkliflər səslənsin. Çox güman ki, buna vaxt və yer məhdudiyyəti mane olub. Amma Dövlət Proqramı çərçivəsində keçirilən görüşlərdə bu maneələr olmadığı üçün orada çox geniş müzakirələr aparılmışdı, yüzlərlə gəncin fikir və təkliflər səsləndirməsi üçün imkanlar yaradılmışdı. “İrəli”nin sədri deyib ki, Forumda iştirak etmək imkanı əldə edən gənclər orada müxtəlif təkliflərlə çıxış ediblər:

– “İrəli” Gənclər Təşkilatının adından Azərbaycan Gənclərinin 6-cı Forumunda mən iştirak etmişəm. Və çıxışım zamanı da bir sıra təkliflər irəli sürmüşəm. Mən ölkədə aktiv fəaliyyət göstərən gənclər təşkilatlarından birinin rəhbəri olaraq orada tələbə yataqxanalarının son durumunun heç də ürəkaçan olmadığı problemini qaldırdım. Çünki regiondan olan gənclərimiz, xüsusən də xarici ölkələrdən Azərbaycan ali məktəblərində oxumağa gələn gənclərin tələbə yataqxanalarında məskunlaşması məsələsi diqqət mərkəzində olmalıdır. Paytaxt şəraitində ev tutmaq, həmçinin öz sosial ehtiyaclarını təmin etməkdə heç də gənclərin imkanları eyni deyil. Ona görə də düşünürəm ki, yataqxana məsələsi həll edilsə, tələbələrin də problemləri müəyyən mənada azalmış olar. Mən hər zaman təklif edirəm ki, Azərbaycanın qeyri-neft sektorları da inkişaf etdirilməlidir. Və bu sahələrdən biri də turizmdir. Elə ölkələr var ki, onların büdcəsinin 40 faizi turizm sahəsində əldə edilən gəlir vasitəsilə formalaşır. Bəzi şəhərlərin büdcəsi təhsil turistləri, yəni ölkəyə müvəqqəti olaraq təhsil dalınca gələn tələbələrdən formalaşır. Kembric, Oxsford, Mançestr və Şimali Kipr kimi şəhərlər buna əyani misaldır. Mən hesab edirəm ki, gələcəkdə Azərbaycanı da belə təhsil ölkələrindən, təhsil turistlərinin axın etdiyi ölkələrdən birinə çevirmək mümkündür. Və ali məktəb ocaqlarının şəraitlərinin yaxşılaşdırılması baxımından, həm özəl, həm də dövlət büdcəsindən maliyyələşdirilən universitetlərin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmağı təşəbbüsünü qaldırdım. Hansı ki, bu yeni bir təşəbbüsdür. Eyni zamanda ölkədə gənclərin kitaba olan marağını qaldırmaq, kitab işi ilə məşğul olan insanlara dəstək olmaq, kitab satışı və onun ölkəyə gətirilməsini asanlaşdırmaq, vergilərin sadələşdirilməsi və ƏDV-dən azad olunması məsələsini də qaldırdım. Çünki bu, cəmiyyətin inkişafı üçün əsas olan faktordur. Bu gün bizim cəmiyyətimizdə gənclərin kitaba olan marağını kütləviləşdirməyə ehtiyac var.

“Şərq Qəzeti”

Advertisements
Post a comment or leave a trackback: Trackback URL.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: