Ceyhun Osmanlı: “Azərbaycan müharibəni bir həftəyə başlayıb-bitirməyə qadirdir”

– Ötən ay Azərbaycanın ictimai-siyasi həyatında, xüsusilə də, gənclər sektorunda bir sıra önəmli hadisələr baş verdi. Bunlardan biri sizin də təşkilatçısı olduğunuz, Gəncədə keçirilən “Azərbaycanı Tanı” şüarlı Dünya Gənclər Festivalı oldu. Bu tədbirin keçirilməsi ideyası nədən doğdu və nə kimi əhəmiyyətə malikdir?

– Ümumiyyətlə, ölkəsini sevən hər bir kəsin ürəyində sadə, amma çox önəmli duyğular yatır ki, ölkəmizi daha çox insan tanısın, daha çox insanın həqiqətlərimiz barədə məlumatlansın, beynəlxalq müstəvidə bizə həmrəy olan insanların sayı artsın və daha çox yeni dostlar qazanaq.

Elə festivalın ideyası da bu sadə duyğulardan qaynaqlanır. Əgər nəzərə alsaq ki, müstəqilliyimizin bərpasının 20-ci ildönümünü yaşayırıq, bu il ərzində keçdiyimiz 20 illik yola baxış olunur və Azərbaycanın keçdiyi yol müstəqilliyinin 20-ci ilini yaşayan digər ölkələrlə, xüsusilə də keçmiş SSRİ respublikaları ilə müqayisə edilir, bu tip tədbirlərin əhəmiyyəti böyükdür.

Bir il tez, bir il gec – fərqi yoxdur, bütün gənc dövlətlərin keçdiyi yol müqayisə olunur və bu müqayisə də Azərbaycanın dünyada tutduğu yer, əldə etdiyi nailiyyətlər təhlil edilir. Və biz də keçirdiyimiz festivalla, Azərbaycanın dünyanın gənc liderləri tərəfindən daha yaxından tanınmasına, öyrənilməsinə yardımçı olmaq istədik.

Festivalda dünyanın müxtəlif ölkələrindən olan 100-ə yaxın gənc lider, habelə ölkənin müxtəlif təşkilatlarından olan 20-dən çox gənc iştirak etdi. Tədbirin Gəncədə təşkilinin bir strateji əhəmiyyəti də var idi ki, yalnız Bakı deyil, Azərbaycanın digər şəhərləri də, beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər. Həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyi münasibəti ilə Gəncədə “Nizami günləri”nin təşkili də bu festivalın maraqlı keçməsinə səbəb oldu.

Festivalda mühüm bir şəbəkələşmə müşahidə olundu. Gənclər bir-birləri ilə sıx ünsiyyət qurdular, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycan həqiqətləri ilə məlumatlandırıldılar, digər yerləri də gəzdilər. Ümumiyyətlə, bu festivalın hər il keçirilməsi də qərara alındı ki, bu, layihənin əhəmiyyətini artırır.

– Festival ərəfəsində “Discover Azerbaijan” kitabı nəşr olundu, həmçinin “discoverazerbaijan.az” saytı təqdim edildi. Bu layihələrin davamlılığı, əhəmiyyəti nədən ibarətdir və “İrəli”nin bu layihələri hər hansı şəkildə davam etdirmək niyyəti varmı?

– Özünüz dediyiniz kimi, oktyabr ayında Azərbaycanın ictimai həyatında bir çox önəmli hadisələr baş verdi. Xüsusilə də, “İrəli” İctimai Birliyinin ötən ay ərzində gördüyü işlər bir çox təşkilatın bir illik fəaliyyətinə bərabər oldu.

“Discover Azerbaijan” kitabı və saytının hazırlanması ona görə əhəmiyyət daşıdı ki, burada əks olunan materialları və fotoşəkilləri seyr edən hər bir kəsdə Azərbaycanın təbiəti, mədəniyyəti və ümumiyyətlə ölkəmiz barəsində ətraflı təsəvvür yaransın. Bu kitab və sayt həm də ölkəmizin təbliği üçün çox maraqlı vasitə oldular. Bu işdə jurnalist Aynur Talıbovanın da rolu böyük oldu.

Bildiyiniz kimi, “Discover Azerbaijan” kitabı Azərbaycan və ingilis dillərində nəşr olundu. Lakin bu qısa vaxt ərzində bizə həm tələb, həm də xahişlər oldu ki, bu kitab daha çox dilə tərcümə olunaraq nəşr edilsin. Bu istiqamətdə iş gedir, kitabın rus, alman, fransız, ispan və italyan dillərinə tərcüməsini həyata keçiririk. Fikrimiz var ki, kitabı məhz dilinə tərcümə etdiyimiz ölkədə nəşr etdirək və həmin ölkənin kitabxanalarına, turizm və təhsil müəssisələrinə yayaq.

Kitab hər başqa bir dilə tərcümə olunduqdan və bu istiqamətdə hər yeni material hazırlandıqdan sonra, bunu dərhal “discoverazerbaijan.az”da oxumaq mümkün olacaq. Bir sözlə, kitab və sayt bir-birini tamamlayır.

Azərbaycanın dünyaya tanıdılması və ölkəmizlə bağlı məlumatların dünyaya paylaşılması ilə bağlı az da olsa iş görə bilmişiksə, bu bizi çox sevindirir. Və bu istiqamətdə işlərimizi sonrakı fəaliyyətimizdə də davam etdirəcəyik.

Qeyd edim ki, indiyə qədər müraciət edilməmiş layihələrdən birini də dekabr ayında təqdim edəcək, Azərbaycanın mədəni irsini yeni şəkildə dünyaya təqdim edəcəyik. Hələ ki, bu barədə tam açıqlama vermək istəməzdim.

Ümumiyyətlə, bizim təşkilatın nəzdində yaradılan İnformasiya Texnologiyaları Mərkəzi, Ədəbi Məclis, Tarix Mərkəzi, Xaricdə Təhsil Mərkəzi, Hüquq Mərkəzi, Tədqiqatlar Mərkəzi və digər strukturlar özləri hər biri ayrılıqda bir layihədirlər və davamlı olaraq fəaliyyət göstərir, müxtəlif, təlim, seminar, silsilə tədbirlər və layihələr həyata keçirirlər. 2012-ci ildə də, bu mərkəzlərin hər biri öz fəaliyyətini daha yüksək səviyyədə nümayiş etdirəcək.

– Azərbaycan Gənclərinin VI Forumunda “İrəli”çilərin fəallığı müşahidə olundu. Bu forumda hansı gözləntiləriniz özünü doğrultdu və VII Foruma qədər keçəcək 3 il ərzində gənclər sektorunda nə kimi dəyişikliklər gözləyirsiniz?

– Bu forumun keçirilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən, məhz gəncliyimizi gündəmə çıxarmaq, ön plana çəkmək məqsədilə qoyulub. Eyni zamanda, bu forum gənclərə qarşı dövlətin və cəmiyyətin güvənini formalaşdırmaq, gəncləri narahat edən məsələləri ortaya çıxarıb növbəti 3 ildə həllinə nail olmaq məqsədi daşıyır.

O zaman “gənc” sözünə qarşı bir inamsızlıq var idisə, indi cəmiyyətdə tamam başqa cür mənzərə müşahidə olunur. Cəmiyyətdə gənc həkim, gənc mühəndis, gənc alim və digər sahələrdə olan gənc kadrlara daha çox maraq göstərilir. Bələdiyyələrdə gənclərin sayı 2 faizdən 30 faizə artıb, bələdiyyə sədrləri arasında isə gənclər 30 faizi təşkil edir.

Bu forum maraqlı bir dövrə təsadüf etdi. Dövlət başçısı forumu gözləmədən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiqlədi və bu proqramın hazırlanması zamanı işçi qrup tərəfindən araşdırılmış məsələlər, verilmiş təkliflər proqramda yer aldı.

Əsasən sosial ipoteka, gənclər mərkəzləri, tələbə yataqxanaları, internat məzunlarının sosial təminatı, yaradıcı gənclərlə bağlı, qaçqın və məcburi köçkün gənclərlə bağlı bir çox məsələlər Dövlət Proqramına daxildir və öz həlli tapacaq.

Bir növ, forumda müzakirəyə çıxarılmalı məsələ az qaldı. Proqrama daxil olan məsələlərin həllinə isə 2012-ci ildən sürətlə başlanılacaq. Xüsusilə, qeyd edim ki, Gənclər Fondunun yaradılması çox əhəmiyyətli məsələdir və gənclərimizə böyük ümidlər verir.

Lakin bəzi məqamlar da var idi ki, biz VI Forumda qabartmağı vacib bildik. Tərəfimizdən səsləndirilən təkliflər arasında özəl və dövlət təhsil müəssisələrindən əlavə dəyər vergisini götürmək yer alıb ki, bunda da məqsəd ölkəmizdə təhsilin inkişafına nail olmaq, eyni zamanda təhsil turizmində irəliləyişə nail olmaqdır.

Digər məsələ isə, kitab biznesinin inkişafına nail olmaq və gənclərimizin daha ucuz qiymətlərə kitab ala bilməsi naminə, kitab satışından əlavə dəyər vergisini götürməkdir. Fikrimcə, bu təkliflər öz həllini tapsa, həm təhsilimizin inkişafına, həm də gənclər arasında oxucu kütləsinin artmasına nail olacağıq.

– Yaxın günlərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv oldu. Bir millət vəkili olaraq, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə tanıdılmasında, eləcə də ərazi bütövlüyünün bərpa olunmasında bu hadisənin əhəmiyyətini necə qiymətləndirə bilərsiniz? Beynəlxalq güclərin Azərbaycana qarşı münasibətlərində hər hansı dəyişiklik gözlənilirmi?

– Bir ölkənin əlində nə qədər çox siyasi rıçaqlar olsa, o ölkənin şansları daha çox olar və onunla o qədər çox hesablaşarlar. Biri var – beynəlxalq siyasi proseslərin iştirakçısı olmaq, biri də var – beynəlxalq siyasi proseslərin mətbəxində yer almaq. Biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü ilə, iştirakçı olmaqla yanaşı, həm də qərar verə və təşəbbüslə çıxış edə bilən bir dövlət statusu qazandıq. Ən azı, BMT-dəki səsvermələr zamanı Azərbaycan Şərqi Avropa ölkələrinin təmsilçisi olaraq, həm də bir blokun maraqlarını təmsil edəcək. Beynəlxalq siyasətdə isə, artıq bizim münasibətlərimiz ayrı-ayrı ölkələr arasında yox, bloklar arası münasibətlər çərçivəsində inkişaf edəcək.

Əgər “Eurovision-2011” də qələbəmiz dünya mədəniyyətində uğurumuz idisə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmağımız dünya siyasətindəki uğurumuzdur.

O ki, qaldı beynəlxalq güclərin Azərbaycana qarşı münasibətinə, fikrimcə artıq ölkəmizin tutduğu mövqe və inkişaf göstəriciləri istər-istəməz bizim maraqlarımızın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülhyönümlü səylər göstərsə də, istər hərbi, istərsə iqtisadi, istərsə də insan resursları baxımdan müharibəyə Ermənistandan daha yaxşı hazırdır və dünya tərəfindən tanınan sərhədlərini bərpa etmək dövlətimizin haqqıdır. Azərbaycan Ermənistanla müharibəni bir həftəyə başlayıb-bitirməyə qadirdir.

Bu münaqişə həll olunmadığı müddətdə, sülhə inananların sayı azalır. Və təbii olaraq, müharibəyə inananların sayı artır. Bu isə o deməkdir ki, Azərbaycan öz haqqını bərpa etmək üçün bütün imkanlarından istifadə edə bilər.

www.gun.az

Advertisements
Post a comment or leave a trackback: Trackback URL.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: